Üzeyİr Hacıbəylİ adına Azərbaycan Dövlət Sİmfonİk Orkestrİ Orkestr 1920-ci ilin iyul ayında təşkil olunmuş, təcrübəli mütəxəssis M.İ.Çernyaxovski orkestrin ilk dirijoru təyin edilmişdir. Ötən əsrin 20-30-cu illərindən Böyük Vətən müharibəsinə qədər orkestrlə O.Klemperer (Almaniya), R.Baton (Fransa), F.Ştidri (Avstriya), Q.Mravinski, N.Qolovanov, A.Qauk, A.Pavlov–Arbenin, S.Stolerman kimi bir sıra dünya şöhrətli dirijorlar çıxış etmişdir. 1938-ci ildə orkestr yenidən təşkil olunur. Bu zaman Ü.Hacıbəylinin təşəbbüsü ilə Moskvadan məşhur mütəxəssis, Moskva Konservatoriyasının professoru N.P.Anosov baş dirijor vəzifəsinə dəvət edilir. 1945- 1948-ci illərdə Moskva Konservatoriyasının professoru, L.M.Ginzburq simfonik orkestrin baş dirijoru vəzifəsində çalışmışdır. 1948-ci ildən orkestrə SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi rəhbərlik etməyə başlayır. Həmin vəzifədə o, qısa fasilələrlə 1984-cü ildən ömrünün sonunadək işləmişdir. Azərbaycan Dövlət Opera və Balet teatrındakı 16 illik uğurlu fəaliyyətindən sonra, yəni 1984-1990-cı illərdə və 1998-ci ildən Simfonik Orkestrin baş dirijoru vəzifəsinə Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, professor R.Abdullayev təyin olunur. Həmin vəzifəni bu günə kimi şərəflə yerinə yetirməkdədir. 1992-1998-ci illərdə Yalçın Adıgözəlov orkestrin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərmişdir. Orkestr R.Abdullayevin rəhbərlik etdiyi illərdə Q.Qarayev, F.Əmirov, C.Hacıyev, C.Cahangirov, A.Məlikov, F.Qarayev, A.Əlizadə, V.Adıgözəlov, M.Mirzəyev, A.Rzayev, M.Quliyev, A.Dadaşov və bir sıra Azərbaycan bəstəkarlarının əsərlərini ilk dəfə olaraq səsləndirlmişdir. Almaniya, Türkiyə, İsveçrə, Misir, ABŞ, Fransa, Böyük Britaniya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri kimi xarici ölkələrdə uğurla çıxış etmişdir. Orkestr onun təsis etdiyi «XX yüzilliyin musiqisi» və hər il keçirilən Beynəlxalq Rostropoviç Fesivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, 2009 və 2012-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi, 2009, 2011 və 2013-cü illərdə Beynəlxalq Muğam Festivallarının fəal iştirakçısıdır. 2007-2008-ci illərdə kollektiv İtaliyada keçirilən yay Festivallarında uğurla çıxış etmişdir. 2012-ci il oktyabr ayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fransanın Kolon orkestri ilə birgə Parisin məşhur Salle Pleyel zalında Azərbaycan və Fransa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişdir.
QARA QARAYEV adına AZƏRBAYCAN DÖVLƏT KAMERA ORKESTRİ Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə 1964-cü ildə yaradılmışdır. Gənc kollektivin başında, 1992-ci ilə qədər orkestrin bədii rəhbəri, istedadlı musiqiçi Nazim Rzayev olmuşdur. Elə özünün fəaliyyətə başladığı ilk günlərdən orkestr Respublikada fəaliyyət göstərən aparıcı kollektivlər arasında layiqli yer tutaraq çoxlu sayda və müvəffəqiyyətlə Rusiyanın şəhərlərində konsertlərlə çıxışlar etmişdir (o cümlədən Moskva şəhərində) , Çexoslovakiya, Polşa, Tunis, Bosniya və Hersoqovina və Türkiyədə. 1992-1995 illərdə orkestrə Ramiz Məlikaslanov başçılıq etmişdir. Onun rəhbərliyi altında orkestr konsert proqramları ilə Almaniyada çıxış etmişdir. 1995-ci ildən 1997-ci il də daxil olmaqla orkestrə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən 2018-ci ilədək orkestrə Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayev rəhbərlik edirdi 1998-ci ilin iyulunda orkestr Azərbaycan mədəniyyətini Londonda müvəffəqiyyətlə təmsil etmi., həmin ilin sentyabr ayında isə Parisdə Qara Qarayevin 80 illiyinə həsr olunmuş yubiley konserti verdi. Orkestr dəfələrlə Moskva və Sankt-Peterburqda çıxış etdi, İ.S.Baxın yubiley festivalında və Türkiyədə Barokko musiqisi festivalında (2000-2003), Hannoverdə “EXPO-2000” Ümumdünya festivalında, 2001-ci ildə Strasburqda Azərbaycanın Avropa Şurasına qəbulu münasibətilə konsert verdi. 2001-ci və 2002-ci illərdə orkestr Avstriyada, 2004-cü ildə Gürcüstanda, “EXPO-2005”-ci ildə Yaponiyanın Naqoyye şəhərində və Misirdə, 2006-cı ildə Belorusiyada, 2007-2008-ci illərdə Cənubi Koreyada, Almaniyada və Fransada, 2009-cu ildə İsveçrədə, 2010-cu ildə Misirdə konsertlər vermişdir. 2011-ci ilin may ayında Pekin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, iyul ayında Fransada “Ramatuel” Beynəlxalq Klassik Musiqi Festivalında çıxış etmişdir. 2011-ci ilin fevral ayında Orkesrt Parisdə “Qavou” Konsert Zalında sentyabr ayında Berlin və Paris şəhərlərində, dekabr ayında Roma şəhərində Heydər Əliyev Fondunun və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın Müstəqilliyinin 20 il dönümünə həsr olunmuş konsert proqramları ilə çıxışlar etmişdir. 2012-ci ilin iyun ayında Orkestr Türkiyənin Ankara və İzmir şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert proqramları ilə çıxışlar etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində Kamera Orkestri ilə digər dirijorlar çıxış etmişlər, məsələn, Səlim Akçil (Türkiyə), Hakan Şensoy (Türkiyə), Simon Kamartin (İsveçrə), Fabyen Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Rikkardo Averbax (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Freyzitser (Avstriya), Aleksandr İvaşkin (İngiltərə). 2007-ci ildə Azərbaycan klassik musiqisinin dünyada təbliğinə görə “Humay” Milli Mükafatına layiq görülmüşdür. 2018 ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.
Azərbaycan Dövlət Xor Kapellası Respublikanın ən qədim yaradıcı kollektivlərindən biridir. Hələ 1926-cı ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən çoxsəsli xor yaradılmasına cəhd göstərilmişdir. Nəhayət, 1966-cı ildə Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xor Kapellası yarandı. Bu Kapellanın ilk bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi E.Novruzov olub. Kapellanın ifaçılıq sənəti milli musiqimizin ənənələrinə əsaslanır.Onların arasında xalq mahnıları, Azərbaycan bəstəkarlarının orijinal əsərləri, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də vardır. 1996-cı ildən Kapellanın bədii rəhbəri və baş dirijoru Respublikanın əməkdar incəsənət xadimi, xalq artisti, “Şöhrət” ordenli Gülbacı İmanovadır. G.İmanovanın fəaliyyəti dövründə Kapelanın repertuarına J.S.Bach`ın, W.A.Mozart`ın, G.Verdi`nin, C.Orff`un, İ.Stravinski`nin, VasifAdıgözəlovun, Məmməd Quliyevin və başqa bəstəkarların böyük xor əsərləri daxil edilmişdir.
Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılmışdır. Bu illər ərzində kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olmuşdur. Ansamblın əməyi sayəsində öz obrazlılığı, rəngərəngliyi, təbiliyi və incəliyi ilə seçilən milli rəqs yaradıcılığı son illər xeyli inkişaf etmiş, xarici ölkələrdə də məşhurlaşmışdır ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanının bütün respublikaları Ansamblın çıxışlarını dəfələrlə yüksək qiymətləndirmiş onun ifasında Azərbaycan rəqs sənətini ən gözəl nümunələri ilə tanış olmuşlar. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ Xalq artisti, “Şöhrət” ordenli Leyla Vəkilova və Respublikanın Xalq artisti Əlibaba Abdullayev bədii rəhbərlik etmişdirlər. Məhz bu sənətkarların əməyi sayəsində kollektiv öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirmişdir. Təkrarsız Azərbaycan folklorunun qədim xalq oyunlarının, milli rəqslərin, rəqs havalarının öyrənilməsi və təbliği sahəsində ansamblın fəaliyyəti təqdirəlayiqdir. 1982-cü ildən bu günədək Dövlət Rəqs Ansamblına “Şöhrət” ordenli, Azərbaycan Xalq artisti Afaq Məlikova rəhbərlik edir. Böyük təşkilatçılıq bacarığına malik olan A.Məlikova Ansambla rəhbərlik etdiyi müddətdə bütün bilik və bacarığını kollektivin sənət uğurları qazanmasına sərf etmiş, Ansamblın geniş şöhrət tapmasına çalışmışdır. Azərbaycan xalqının mənəvi sərvəti olan milli rəqs yaradıcılığı A.Məlikovanın quruluş verdiyi rəqslərdə öz parlaq ifadəsini tapmış, Afaq xanımı istedadlı xoreoqraf-baletmeyster kimi ölkəmizdən çox-çox uzaqlarda tanıtmışdır. O, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Ansamblın repertuarına Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Eldar Mansurov, Cavanşir Quliyev, rus bəstəkarı İqor Stravinskinin (“Müqəddəs Bahar”) və dünya xalqlarının rəqsləri də daxil edilmişdir, hansılarki öz növbəsində xüsusi diqqəti cəlb edir. Dövlət Rəqs Ansamblı professional kollektivdir. Respublikanın tanınmış rəqs ustaları müxtəlif fəxri adlara layiq görülmüş Nəriman Kərimov, Tamilla Eldarova, Yusif Qasımov, Səbinə Qasımova, Fərman Məmmədov, Cəmilə Bayramova, Xanlar Bəşirov, Sevinc Hüseynli, Zahir Qasımov, Təranə Muradova, Rüfət Xəlilzadə, Elçin Qədimov, Eteri Cəfərova, Nigar Rzayeva, Emin Əliyev və başqaları bu gündə öz doğma kollektivlərində çalışıb və çalışırlar. Ansambl bir çox Beynəlxalq səviyyəli festivalların, Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə, Avstriyada, Almaniyada, Yaponiyada, Misirdə, Qətərdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Yaponiya “EXPO-1988”, Almaniya “EXPO-2000” və Çin Xalq Respublikasının Şanxay şəhərində “EXPO-2010” ümumdünya sərgilərində, dövlət səviyyəli iri miqyaslı tədbirlərin iştirakçısı olmuşdur (Olimpiada - 1980). 1979-cu ildə Beynəlxalq Karfaqen Folklor Festivalının qızıl medalına layiq görülmüşdür. Milli mədəniyyətimizin inkişafındakı xidmətlərini nəzərə alaraq Dövlət Rəqs Ansamblına 1991-ci ildə “Əməkdar Kollektiv” fəxri adı verilmişdir
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri 2000-ci ilin yanvar ayının 2-də Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılaraq həmin ilin 8 mart qadınlar günü bayramı münasibəti ilə təşkil olunmuş konsertdə ulu öndər H.Əliyevin xeyir duasını almışdır. Yarandığı gündən orkestr, bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 2005-ci və 2010-cu illərdə İ.İ.R.-nın Tehran şəhərində keçirilən ənənəvi XIX və XX və XXV “Fəcr” beynəlxalq musiqi festivallarında 3 dəfə en yüksək “Qızıl Çəng” nükafatına layiq görülmüşdür. 2005-ci ildə ABŞ-ın səs yazma şirkəti tərəfindən orkestrin ifası kompakt diskə köçürülüb. 2007-ci ildə Azərbaycan Respublikasının Belarusiya və Moldova Respublikalarında, 2008-ci ildə Tacikistan Respublikasında və 2009-cu ildə Ukrayna Respublikasında keçirilən mədəniyyət və incəsənət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır. Bu illər ərzində mütəmadi olaraq Bəstəkarlar İttifaqının keçirdiyi plenumlarda bəstəkarların orkestr üçün yazdığı yeni əsərləri ifa olunmuşdur. Hal-hazırda orkestr bədii rəhbər və baş dirijor Respublikanın Xalq Artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə qaynar yaradıcılıq fəaliyyəti yaşayır.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Ü.Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə dahi Ü.Hacıbəyli ilə yanaşı Azərbaycanın tanınmış bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aüyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru xalq artisti Ağaverdi Paşayevdir. O, xalq mahnıları, rəqslərinin qorunmasının və tədqiqinin yorulmaz təbliğatçısıdır.
Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların əsərləri ilə zəngindir. Fortepiano triosunun iştirakçıları: Töhfə Babayeva – skripka – Azərbaycan Respublikasının Əməkdar Artisti, Bakı Musiqi Akademiyasının dosenti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin artistidir. Elnarə Kəbirlinskaya –fortepiano Azərbaycan Respublikasının Əməkdar Artisti, Bakı Musiqi Akademiyasının dosenti. Səbinə İbrahimova – violonçel – Azərbaycan Respublikasının Əməkdar Artisti, Bakı Musiqi Akademiyasının müəllimi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin artistidir.
Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərləri ilə zəngindir. Simli Kvartet 1998-ci ilin sentyabrında Parisdə UNESCO xətti ilə keçirilən zəmanəmizin dahi bəstəkarı Q.Qarayevə həsr edilən konsertdə, 2000-ci ildə İstanbul şəhərində Cəmil Rəşid Rey konsert salonunda uğurla çıxış edib. Simli Kvartetin iştirakçıları: Ceyla Seyidova (I violin) – Respublika və Beynəlxalq Müsabiqələri Laureatı. Soltan Məmmədova (II violin) – SONOR müasir musiqi ansamblının konsertmeysteridir. Vaxtanq İmanov (viola) –Azərbaycan Respublikasının Əməkdar artisti. Aleksey Miltıx (violonçel) – Azərbaycan Respublikasının Əməkdar artisti.