Azərbaycan Dövlət Akademik Filarmoniyasi – Kamera və Orqan Musiqi Zalı

Azərbaycan Dövlət Akademik filarmoniyasının Kamera və orqan musiqisi zalının binası Bakıda tikilən memari abidələrin sırasında xüsusi yer tutur. Öz ecazkar memari kompozisiyası ilə paytaxtımıza yaraşıq verən, maraqlı tarixə malik həmin bina Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsidir. Tarixi sənədlərə istinadən XIX əsrin ortalarında Bakıya alman və İsveçrə mənşəli insanların axını müşahidə olunurdu, neft bumu Azərbaycana çoxsaylı işçi qüvvəsini cəlb edirdi. Təbii ki, həmin dövrdə Bakıda yaşayan alman və isveçlilər dini mərasimlərinin keçirilməsi məqsədilə Bakıda öz kilsələrini inşa etmək qərarına gəlirlər. Əsrlər boyu tolerantlığı ilə seçilən Azərbaycan xalqı həmin ideyanın həyata keçirilməsini dəstəkləyir. Beləliklə, 1896-cı ilin mart ayında Bakıda İncilçi-Lüteran kilsəsinin (Kirxa) bünövrəsi qoyulur, 1899-cu ildə isə dini ocaq istifadəyə verilir.

24 yaşlı memar Adolf Eyxler tərəfindən tikilən bu bina həmin dövrdə Bakıda ucaldılan memari incilərin arasında özünəməxsus yer tutur.

Qeyd edək ki, kilsənin tikintisinə Nobel qardaşları da dəstək verir və bu səbəbdən binanın açılış mərasimində Bakının qubernatoru ilə birgə Emmanuel Nobel də iştirak edir.1900-cü ildə isə kilsədə orqan quraşdırılır və ilk konsert təşkil olunur.

Sovet dövründə bir çox digər dini obyektlərlə yanaşı Kirxanın da fəaliyyəti dayandırılır, müəyyən müddət bu tarixi bina sökülmək təhlükəsilə üzləşir.

Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə Kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. Təbii ki, zaman bu binada öz izlərini qoymaya bilməzdi. Uzun illər baxımsız qalan tikilinin tavanı, demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Təmirsiz divarlar, köhnəlmiş mebel, inventar və digər bu kimi səbəblərin ucbatından burada hər hansı bir tədbirin keçirilməsi qeyri-mümkün idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinə başlanılmışdı. Mədəni dəyərlərə xüsusi diqqət və qayğı ilə yanaşan ölkə başçısının Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalının təmiri və bərpasına dair imzaladığı sərəncamına əsasən həmin məqsədlərə Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılmışdı. Bir neçə ay ərzində aparılan işlər tarixi binanın taleyini dəyişdirdi – Azərbaycan mütəxəssisləri mədəni abidənin özünəməxsus memari üslubunu, tarixi-memari kompozisiyasını saxlayaraq təmir-bərpa işlərini həyata keçirib binaya yeni nəfəs verdilər.

Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən biri olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, burada ilk dəfə havalandırma sistemi quraşdırılmuş, xaricdən dəvət olunan mütəxəssislər isə orqanı bərpa etmişdilər.

110 il əvvəl burada orqanda ifa olunan ilk musiqi əsəri İohann Sebastyan Baxın Re minor Tokkatası olmuşdur.